Gülməmmədin Qarabağı... - VİDEO

Cəbrayıl rayonunun Tatar kəndindən olan keçmiş məcburi köçkün Gülməmməd Əhmədov 32 il sonra doğma torpağını ziyarət edib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, nitq məhdudiyyətli vətəndaşın keçmiş evinin yerindən çəkdiyi təsirli video sosial şəbəkələrdə gündəm yaradıb. Gülməmməd xaraba qalmış evinə gedərək səssiz nitqi ilə ölkəyə səs salıb.
Bununla bağlı jurnalist Qabil Abbasoğlu da təsirli paylaşım edib. O qeyd edib ki, Gülməmmədin çəkdiyi sadə video digər bənzər mədəniyyət nümunələrindən daha effektivdir: “Cild-cild kitablar yaz, saysız filmlər çək, saatlarla hekayə danış, Gülməmmədin anlatdığı qədər aydın, emosional, dürüst anlada bilməzsən işğalı. Cəbrayıl rayonunun Tatar kəndində işğal nəticəsində darmadağın olmuş evinin qalıqları ilə görüşüb Gülməmməd. Heyrət... Heç bir yazıçı bu dillə danışa bilməz, bilməyib! Evin divarlarını, otaqların yerini, yatağını, həyətini, həyətdə tapdığı heyvanı... Hər şeyi anlatdı dünyaya!
Bu, işğaldır - Gülməmmədin evinin işğal hekayəsi. Bu, Qarabağdır - Gülməmmədin Qarabağı...”
Qeyd edək ki, G.Əhmədov hazırda Biləsuvarda yaşayır.