Şahidlər məhkəməyə gəlmədi, keçmiş sədr vəsatət VERDİ

 18:30 30.04.2025     86

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş bələdiyyə sədri Fikrət Quliyevin məhkəməsi keçirilir.

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə iclasına hakim Novruz Kərimov sədrlik edir. 

Aprelin 30-da məhkəmə iclası başlayanda məlum olub ki, şahidlər gəlməyib. Təqsirləndirilən şəxs "orada səs yazıları var, xahiş edirəm, məhkəmə səs yazılarını səsləndirsin”, deyib. Sonra hansısa tikintilərlə bağlı fotolar təqdim edib. 

Vəkil isə vəsatət qaldırıb ki, müvəkkilinin saxlanma videogörüntüləri nümayiş etdirilsin. Hakim bildirib ki, vəsatətə növbəti məhkəmə iclasında baxılacaq. 

İttihama görə, Fikrət Quliyev Natiq Şiriyevdən Yeni Suraxanı bələdiyyəsinin inzibati binasında 2 dəfəyə 20 min manat pul alıb, ona torpaq üzərində ev tikintisi üçün sərəncam alacağına söz verib. Nəsrəddin Paşayevdən də oxşar fakt üzrə 10 min manat pul alıb. Nəsirov Zöhrab Elxan oğluna məxsus torpağ sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə üçün 7 min 500 manat pulu bələdiyyənin inzibati binasında alıb. Həmçinin keçmiş bələdiyyə sədrinin imzasını saxtalaşdırıb müxtəlif torpaq sahələrini bir neçə vətəndaşa satıb.

 Ona qarşı Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Özü isə bundan əvvəlki məhkəmə iclaslarında rüşvət ittihamını qəbul etməyib. Deyib ki, nə qanunsuz torpaq satıb, nə də kimdənsə özü üçün pul alıb. Məhkəmə ifadəsində koronavirusla əlaqədar ölkədə sərt karantin rejimi tətbiq olunarkən, müxtəlif adamlara sənəd verib pul aldığını təsdiqləyib. Ancaq alınan pullardan bir manat da özünə götürmədiyini söyləyən keçmiş bələdiyyə sədri 2020-ci ildə pandemiyanın ardınca Azərbaycanda 44 günlük müharibə başlandığını da yada salıb. Onun sözlərinə görə, özəlliklə müharibə dövründə bələdiyyənin xərcləri çox idi və alınan pullar da o işlərə xərclənib: "Elə vaxt oldu ki, bir gündə Yeni Suraxanı kəndinə üç şəhid gəldi. Hüzr xərclərini çəkdim. Hər birinin halalı olsun. Bunu ona görə deyirəm ki, pulların hara xərcləndiyini çatdırım. O pullardan özümə bir qara qəpik də götürməmişəm”. 

Sabiq bələdiyyə sədri vurğulayıb ki, Yeni Suraxanı kəndindəki Şəhidlər Xiyabanını da özü təmir etdirib. Bu işlərdən ötrü büdcədə vəsait nəzərdə tutulmadığından vətəndaşlardan alınan pullardan istifadə olunub.

F.Quliyev bələdiyyə torpaqlarını satması barədə ittihamda yazılanlarla da razılaşmır və deyir ki, onun heç torpaq satmaq yetkisi olmayıb: "2007-ci ildən Bakıda bələdiyyə torpaq sata bilməz...”.

Fikrət Quliyevin 57 yaşı var. O, bələdiyyə sədri olmazdan öncə daxili işlər orqanlarında çalışıb. Onun suçlandığı maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.