“Heç olmasa evimin bir otağını boşaltsınlar, köçüb yaşayım...” - VİDEO

 14:08 01.05.2025     178

“İki körpə uşaqla kirayə evdə qalırıq. Gedəcək yerimiz yoxdur, qalmışıq küçələrdə”.

Redaktor.az xəbər verir ki, bu sözləri yoldaşı ilə özünə mənzil alan, lakin uzun illərdir evində keçmiş məcburi köçkünlərin məskunlaşdığı Reyhan Səlimova deyib.

Sumqayıt şəhər sakini R.Səlimova bildirib ki, illərdir əzab-əziyyətlə aldığı evə 32 ildir uzaqdan baxmaqdan başqa əlindən heç nə gəlmir. Səbəb isə 1993-cü ildə Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin Səlimovların evində məskunlaşmasıdır.

Bildirilib ki, Zəngilandan olan Cabbarovlar ailəsi 3 uşaqla birgə onun evinə sığınıblar. Səlimova ovaxtkı çətin günləri nəzərə alaraq uzun illər boyu nə o evin adını anıb, nə də ev tərəfdən yolunu salıb. Həmin gündən kirayələrdə və qohum evlərində qalan R.Səlimova 1996-cı ildə həyat yoldaşını itirib və 2 övladını təkcə böyüdüb. İndi də xərçəng xəstəliyindən əziyyət çəkən Reyhan Səlimova nə müalicə xərclərini qarşılaya bilir, nə də kirayə qaldığı mənzilin pulunu ödəyə bilir: “Dəfələrlə qapıya getdim. Xahiş elədim ki, bir otaq da olsa, versinlər, gəlib mən də qalım. Ona da icazə vermədilər”.

Onun iddiasına görə, Cabbarovlar ailəsinin Bakıda evləri var, amma köçmək istəmirlər.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, məsələ artıq nəzarətə götürülüb: “Reyhan Səlimovaya məxsus Sumqayıt şəhərində yerləşən və keçmiş məcburi köçkün Nargilə Cabbarova ilə ailəsinin məskunlaşdığı mənzil Komitənin diqqətindədir. Mənzil sahibinin müraciəti əsasında məsələ araşdırılır. Vətəndaş Komitə sədrinin müavini Fuad Hüseynov tərəfindən qəbul edilib. Bildirilib ki, N. Cabbarovanın qeydiyyatda olduğu Zəngilan rayonunun Qıraq Müşlan kəndi bərpa edildikdən sonra ailənin həmin əraziyə köçürülməsi qanunvericiliyə uyğun şəkildə həll olunacaq”.

Daha ətraflı Real TV-nin hazırladığı süjetdə: