Qaxda selə qarşı tədbirlər gücləndirildi

Qax rayonunda yağıntılı hava şəraiti ilə bağlı yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin texnikaları bu işlər üçün səfərbər edilib.
Hazırda Kürmük çayında məcratəmizləmə işləri həyata keçirilir. Bununla yanaşı, rayon ərazisindən axan digər dağ çaylarında da bu işlər yerinə yetirilir.
Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi də davam edir. 2025-ci ilin əvvəlindən etibarən Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Kürmükçay, Qapıçay, Zərnəçay və Qum çaylarında 117 min kubmetr məcratəmizləmə işləri həyata keçirilib. Bununla yanaşı, Əlibəyli və İbaxlı kəndlərini sel sularından mühafizə etmək məqsədilə cari təmir hesabına 425 kubmetr daş-beton bənd tikilib.

