Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir

 15:37 07.05.2025     259

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar ölkənin konstitusiyasının və suverenliyinin qorunması, gücləndirilməsi və əhəmiyyətinin bir daha vurğulanması məqsədini daşıyır.

1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi altında yeni inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev belə mürəkkəb bir vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi. 

Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının təkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etmişdir.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmiş və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük bir hadisədir.

Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edir.

Xüsusilə qeyd edilməlidir ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar dövlət tərəfindən verilən xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir. Bununla bağlı, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” Konstitusiya müddəası olduqca mühüm əhəmiyyət kəsb edir.

 Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.

 Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan dövləti 44 gün ərzində bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirdi, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərdi.

 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli hərbi, siyasi və diplomatik fəaliyyəti, Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində mümkün oldu. Qazanılan tarixi Qələbə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

Azərbaycan dövlətinin şanlı Qələbəsi sayəsində Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yarandı.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycan Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcək, tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri