Qlobal təklənməyə qarşı birləşmə texnikası: Qlobal Cənub QHT Platforması

Müasir dünya aramsız rəqabət, dinamik proseslər, daimi dəyişiklikləri ilə dərin transformasiya dövrünü yaşayır. Çağdaş dövrün əsas tendensiyası qeyri-müəyyənlik və gözlənilməzlik, təhlükəsizlik təhdidlərinin bir-birinə qarışması, çoxqütblü dünyaya keçid, qlobal qütbləşmə, fraqmentasiya və bununla yanaşı regional kooperasiyanının güclənməsidir. Henri Kissincerin “Dünya nizamı” kitabında deyildiyi “gələcəyin heç nə, heç bir nizamla məhdudlaşdırılmayan qüvvələr tərəfindən müəyyənləşdirildiyi dövr”ün çatmasının əlamətləri aşkar görünür.
Dünya əhalisinin 80%-nin yaşadığı – Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi sirr deyil. Mövcud dezinteqrasiya prosesləri fonunda qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürüdür.
“Qoşulmama Hərəkatının QHT qanadı” – Bandunq ruhu
Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanır və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yoxdur.
Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa həqiqətən layiqdir. Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Bakıda aparılmış qlobal diskussiyalarda bu məsələlər dönə-dönə vurğulandı.
Qlobal siyasətin incəliklərini zərgər dəqiqliyi ilə müəyyən edə bilən, uzaqgörən addımları ilə seçilən Prezident İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına mühüm mesajlarla dolu müraciət məktubu göndərməsi Azərbaycanın geniş radiuslu əlamətdar bir hadisənin episentrinə çevrildiyini daha yaxından hiss etməyə imkan verdi. “Bu gün Qlobal Cənubun həyatında vacib gündür” – məktubun bu sözlərlə başlaması bu təsisata verilən yüksək qiyməti, onun tarixi əhəmiyyətini aydın nümayiş etdirdi.
“Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik” – müraciətdəki bu sətirlərlə yəqin ki, Prezident İlham Əliyev aprelin 28-29-da Bakı Konqres Mərkəzinə toplaşanların hər birinin ürəyini oxumuşdu. Çünki 2 gün ərzində konfransda QHT təmsilçilərinin qızğın müzakirələrin açar sözləri birgə, koordinasialı fəaliyyət ehtiyacı oldu, yeni dünya nizamında qlobal təklənməyə qarşı birləşmə mexanizmləri müzakirə edildi.
116 ölkədən QHT-lərin saatlarında Bakı vaxtıdır
28-29 aprel 2025-ci il tarixdə Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı həmrəyliyin, sülhün, tolerantlığın, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsində yeni impulsa çevrildi.
Biz Azərbaycanda böyük miqyaslı tədbirlər çox görmüşük. Amma bu tədbirlərin hamısı BMT və digər beynəlxalq təşkilatlar, yaxud Azərbaycan dövlətinin rəsmi xətti ilə olub. Bu tədbirin özəlliyi isə odur ki, burada təşəbbüskar da, təşkilatçı da QHT-lər özləri idi.
Qlobal Cənub QHT Platformasının yaranması müasir dövrdə çoxtərəfli əməkdaşlıq, tərəfdaşlıq formatının, multilateralizm yanaşmasının tətbiqinin nadir nümunələrindən biri, real uğur hekayəsidir.
Qlobal Cənub QHT Platformasına rəhbərliyin ölkəmizə həvalə edilməsi, həmin qərar elan olunarkən 116 ölkə təmsilçisinin ayaqüstə qalxaraq alqışlarla bu anı qeyd etməsi Azərbaycanın beynəlxalq arenada moderator və lider kimi artan rolunu vurğulayır. O da qəbul edildi ki, Azərbaycandan sonra təsisatın dövrü rəhbərinin hansı ölkə olmasından asılı olmayaraq, Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahı Bakıda olacaq.
Bu onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində əldə etdiyi diplomatik uğurları, COP29 dövründə qazandığı rəğbəti qeyri-hökumət sektoru üçün konkret əməkdaşlıq mexanizminə çevirə bilib.
Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində Azərbaycanın yeni statusu aydın görünürdü: “Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir”.
COP29-un qalıcı töhfəsi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası (COP29) Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə gətirdi və ölkəmiz yaranmış imkanlardan effektiv istifadə edərək bu prosesdə QHT-lərin daha fəal iştirakı, onların rolunun gücləndirilməsinə misilsiz töhfə verdi. COP29-da dünyanın hər yerindən gələn 10 mindən çox QHT nümayəndəsinin iştirakı yeni təcrübə yaratdı, onların təsirini və töhfəsini artırdı. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Azərbaycanın təşəbbüslərinin uğuru yeni çağırışlar fonunda qlobal çoxtərəfli əməkdaşlıq formatlarına ehtiyacı göstərdi.
Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəalın birgə bəyanatı ilə dəstəkləndi. Beləliklə, əminliklə deyə bilərik ki, Qlobal Cənub QHT Platforması COP29-un mirasıdır, qalıcı töhfələrindən biridir. COP29 diqqəti böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycana cəlb edib, onun etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirib. Məhz bu etibar Qlobal Cənub ölkələrinin Azərbaycanın təşəbbüslərinə dəstəyi mümkün etdi. Platforma Qlobal Cənub ölkələri QHT-lərinin iqlim gündəliyində mövqelərinin güclənməsi və onların COP-ların keçirilməsi prosesində daha effektiv iştirakı üçün mühüm vasitə ola bilər. O cümlədən Platforma Azərbaycanın da iqlim gündəliyində maraq və ehtiyaclarının daha yaxşı nəzərə alınmasını kömək edəcək.
Qlobal Cənub QHT-lərinin koordinasiyası
Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirəcək. Bura yalnız COP mövzuları deyil, Qlobal Cənubu narahat edən bütün məsələlər daxildir. Bu ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Azərbaycan Prezidenti Platformanın təsis konfransında iştirakçılara müraciətində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən müdafiə olundu. Dəfələrlə Azərbaycan Prezidentinin mesajları təhlil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsinə mühüm töhfə olduğu bildirildi. Azərbaycan Prezidentinin mesajı hamı üçün aydın idi: “Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik”.
“Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Formundakı müzakirələr göstərdi ki, Platforma qlobal Cənub və Şimal arasında dialoqda mühüm rol oynayacaq. Platforma Cənub-Şimal dialoqunda da aktora çevriləcək, səsləri və resursları birləşdirərək vasitəçi kimi çıxış edə biləcək.
Bakı Cənubun təşkilinə və möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslı və konstruktiv dialoq üçün ilkin şərtlər yaradır. Platforma beynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferi və iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli format olacaq. Azərbaycan Qlobal Cənubun güclənməsinə yardım göstərməklə, qlobal səviyyədə daha səmərəli qarşılıqlı fəaliyyət və kompromis mexanizmlərinin yaradılmasına öz töhfəsini verir.
D8 ölkələrinin QHT-lərinin ilk görüşü
2025-ci il aprelin 29-da “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı çərçivəsində D8 ölkələrinin QHT-lərin ilk görüşü də Azərbaycanda təşkil olundu. “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı yan tədbirdə aydın oldu ki, “İslam Səkkizliyi” adlanan, dünya müsəlmanlarının 60%-inin yaşadığı ölkələri birləşdirən, böyük iqtisadi potensiala malik D-8 ölkələrinin QHT-lərinin görüşünə nə qədər ehtiyac var imiş.
8 müsəlman ölkəni birləşdirən təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.
Müzakirələrdə 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv seçilməsi təqdir edildi, vurğulandı ki, bununla da təşkilat yarandıqdan bəri sıraları ilk dəfə genişlənib.
Qlobal Cənub magistralında
Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal platformanın yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, milli QHT sektorunun inkişafı üçün həyata keçirdiyi təşəbbüslər bu ambisiyanı, bilik, bacarığı, potensialı nümayiş etdirir.
QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan potensialını, gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub.
Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər.
Konfrans çərçivəsində çox çıxışlara şahid oldum. Amma Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos-un bu sözlərini heç unutmayacam: “Siz qurduğunuz bu platforma ilə fəxr edə bilərsiniz. Uzun illərdir ki, Qlobal Cənubun birləşdirilməsi məsələsindən danışılır. Nəhayət ki, Azərbaycan liderliyi əlinə götürüb sözdən əmələ keçdi. Bundan sonra sizi məsuliyyətli bir dövr gözləyir”.
Qlobal Cənub QHT Platforması Azərbaycan QHT-lərinin dünyaya çıxışı, beynəlxalq əməkdaşlığı üçün çox böyük imkanlar açır. Obrazlı ifadə etsək, birbaşa çıxış - "yaşıl dəhliz" verir. Bu ölkəmizi dünyaya tanıtmaq, dünyanı öyrənmək, daha yaxşı bilmək üçün inanılmaz fürsətlər deməkdir. Bu, QHT-lərin inkişafı siyasətinin, böyük zəhmətin, fədakar xidmətin nəticəsi sayıla bilər. Bu, Azərbaycan Prezidentinin, onun rəhbərliyi, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğur hekayəsidir. Qarabağ zəfərinin yaratdığı yeni reallığın, gücün göstəricisi, tarixi nəailiyyətdir.
Zaur İbrahimli,
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü








