Misirdə Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi - FOTO

 22:28 08.05.2025     160

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Redaktor.az "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan səfiri Elxan Poluxov və səfirliyin digər əməkdaşları, Cəmiyyətin İdarə Heyətinin sədri və Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən tədqiqatçı alim S.Nəsirov Ulu Öndərin fəaliyyətindən bəhs edib. Müstəqilliyimizin ilk illərində baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan natiq bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək iki ölkə arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Misirlə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Müasir Azərbaycanın inkişafında və onun ərəb-islam dünyası ilə əlaqələrinin möhkəmlənməsində məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti dayanır.

Azərbaycan dilinin Konstitusiyamızda dövlət dili kimi təsbit edilməsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdıran diplomat dilimizin xarici ölkələrdə, o cümlədən Misirdə öyrənilməsi sahəsində təqdirəlayiq işlər görüldüyünü qeyd edib. Bildirib ki, bu ölkədə Azərbaycan dilini öyrənənlərin sayının artması, yerli azərbaycanşünas kadrların hazırlanması sevindiricidir və xalqlarımız arasında birbaşa təmasların daha da çoxalmasına töhfə verir.

Daha sonra çıxış edən Misirin Heluan Universitetinin professoru Adil Dərviş Heydər Əliyevin zəngin həyat yolu və onun ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolu barədə danışıb.

Söz alan Asiya məsələləri üzrə misirli tədqiqatçı Əhməd Abdoh Tarabik Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında yazdığı kitab barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin öyrənilməsində fərqlənən tələbələrə hədiyyələr təqdim edilib və onların ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri dinlənilib.

22