Kürdə suyun səviyyəsi qalxdı - daşqın təhlükəsi var? - RƏSMİ

Hazırda respublika ərazisinə qonşu dövlətlərin ərazisindən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkəmizin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur. Belə ki, bu dövrdə çaylarda suyun səviyyəsinin artması təbii prosesdir. Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamlama rejiminə uyğun olaraq suyun yığılması həyata keçirilir. Artıq suların Mingəçevir su anbarından aşağıya ötürülməsi Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla razılaşdırılaraq daim nəzarətdə saxlanılır.
Dövlət Su Ehtiyatları Agentliyindən Redaktor.az-a bildirilib ki, 2010-cu il sel-daşqın hadisələrindən sonra keçən 15 ildə Kür çayının bəndlərinin hündürlüyünün artırılması və möhkəmləndirilməsi istiqamətində işlər görülüb və hər il olduğu kimi, cari ildə də istismar tədbirlərinə ayrılan vəsait çərçivəsində bu tədbirlər davam etdirilir.
Keçən müddətdə Kür çayında suyun səviyyəsi çayın məcrasından yuxarı qalxmayıb. Son vaxtlarda bəzi ərazilərdə isə su səviyyəsi Kür çayının mühafizə bəndinin alt oturacaqlarına qədər yaxınlaşıb. Hazırda Kür çayında orta su səviyyəsi mühafizə bəndinin üst qeydiyyat nöqtəsindən 3,5 metr aşağıdadır.
Bəzi saytlarda (TikTok və digər platformalarda) yayımlanan video və foto görüntülərdə Kür çayının subasma təhlükəsi olan ərazilərində, çayın yatağında, sanitar-mühafizə zonasında heç bir qurumla razılaşdırılmadan əkilən əkin sahələrinin qarşısında yerləşdirilən müvəqqəti tirələrin dağılması əks olunub. Bu ərazilərə daxil olan suyun yaşayış məntəqələri, digər infrastruktur obyektləri və əhali üçün heç bir təhlükəsi yoxdur. Əsas qoruyucu mühafizə bəndlərində hər hansı bir təhlükə müşahidə olunmur.
Mühafizə bəndlərində fasiləsiz monitorinq aparılır, bütün ərazilər nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, son günlər çayda suyun səviyyəsinin qalxması ilə əlaqədar maşın-mexanizmlərin bütün sahələrdə mühafizə bəndlərinin üzərində növbəli qrafiklə fasiləsiz yerləşdirilməsi təşkil olunur.
Hazırda Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar Sabirabad rayonu və digər ərazilərdə daşqın təhlükəsi ilə bağlı hər hansı bir narahatlıq mövcud deyil.