Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib

 12:55 19.05.2025     118

Bugünlərdə İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib.

Redaktor.az xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu aşağıdakı şəxslər təmsil ediblər:

Şirkətlər Qrupunun Maliyyə Direktoru və İcra Komitəsinin üzvü Könül Kərimova;

Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev;

"OBA" Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov;

"Veysəloğlu" Distribusiyanın Maliyyə Direktoru Orxan Babayev.

Tədbir çərçivəsində Qrup nümayəndələri ADB-nin Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal və Ərzaq və Aqrobiznes İnvestisiya Komandasının rəhbəri Martin Lemoine ilə görüşlər keçiriblər. Görüşlərdə ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə modelləri, özəl sektor–dövlət tərəfdaşlığı çərçivəsində iqtisadiyyata dəstək və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

“Təcrübə paylaşımı, sabahın qurulması” mövzusuna həsr olunmuş builki toplantı ADB-yə üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə Asiya İnkişaf Bankı arasında 2024-cü ilin noyabr ayında 17 milyon Azərbaycan manatı məbləğində kredit və 850 min manat həcmində texniki yardım qrantını əhatə edən maliyyə paketi üzrə müqavilə imzalanıb. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və 750-dən çox kiçik fermerin iqlimə davamlı kənd təsərrüfatı təcrübələri ilə dəstəklənməsini hədəfləyir.

Veysəloğlu Şirkətlər Qrupu ərzaq təhlükəsizliyi, təchizat zəncirinin inkişafı və logistika sahəsində dayanıqlı inkişafı dəstəkləyən layihələrin həm təşəbbüskarı, həm də icraçısı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir.

 

22