"O yaşam ki, diqqət çəkəcək, hamıya xoş gələcək, onda insanlar onun yolu ilə maraqlanacaq"

"Dini mövzularda mübahisə edənlərin bir çoxu sözlə, söyüşlə, çox hallarda da böhtan xarakterli əsassız iftiralarla yollarının düz, özlərinin haqlı olduğunu sübut etmək, əslində sırımaq istəyirlər. Amma heç kəs yolunun düz, özünün haqq olduğunu əməli, yaşamı ilə sübut edə bilmir".
Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, əsl mömin, əsl müsəlman odur ki, onun əlindən və dilindən heç kəs əziyyət çəkməsin:
"Heç kəsin qəlbinə toxunmasın, üzünə baxanda şeytan yox, Allah yada düşsün. Əgər müsəlman özünün və etiqad etdiyi yolun (tutaq ki, məzhəbin) haqq olduğunu hamıya bəyan etmək istəyirsə getdiyi yolun doğruluğunu əməli ilə göstərməlidir. O yaşam ki, diqqət çəkəcək, hamıya xoş gələcək, o zaman insanlar onun yolu ilə maraqlanacaq. Yoxsa adamlar sosial şəbəkələrdə Həzrət Əliyə söyüşlə, təhdidlə və şantajla vəkillik edirlər. Başqalarını söyüb aşağılamaqla özlərinin guya Həzrət Əli yolunda olduğunu sübut etmək istəyirlər. Halbuki Həzrət Əliyə yaxud cəmiyyətə belə adamlar ziyan vurur.
Yaxud bir qrup özünü Sələfi adlandıran zümrə özlərindən qeyri, məzhəb və inancları batil, küfr, tağut, bidətçi, əhalini də cahil adlandırıb özlərini sanki seçilmiş, xüsusi ilahi imtiyazlı qövm kimi sırıyırlar. Əcaib zahiri görkəm, orta əsr Əməvi saqqal imici, qaba hərəkətlər, kobud və amiranə ərəb danışıq tərzi ilə Əməvi zehniyyətinin milli şüurumuza üstün gəlməsinə çalışırlar.
Mömin təkcə özünə deyil, cəmiyyətə də fayda verməlidir. Əgər fayda verə bilməsə ziyan vurmamalı, insanların sosial harmoniyasını, həyatının ahəngini pozmamalıdır. Zırrama olmamalıdır, nəcib olmalıdır. Dəxli yoxdur Allaha inansa da, gündə 70 rükət namaz qılsa da xəbisdirsə, xaindirsə, nəfsinə qul olubsa, başqalarını incidirsə Şimr və Sinandan fərqi yoxdur.
Din əxlaqdan başlayır, mübahisədən, ixtilafdan yox. Hər kəs gözəl əxlaq ortaya qoysa, cəmiyyət ondan mənəvi cəhətdən bəhrələnsə, əməlindən, əlindən və dilindən heç kəs zərər çəkməsə, bir işıq kimi, nur kimi zülmətə aydınlıq gətirsə bax əsl mömin odur, əsl müsəlman, əsl insan odur. Onun yolu haqdır, deyəcək hamı. Yoxsa uzun mübahisələr, məzhəb cidalları, dəlil eşələməklə, söyüş, təhqir, böhtanla sən öz yolunun doğru olduğunu sübut edə bilməzsən".
Vasif ƏLİHÜSEYN