Nuranə qətldən 1 həftə əvvəl Seyidrəsuldan nikah tələb edibmiş

 20:46 21.05.2025     155

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri- Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kürə atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Redaktor.az “oxu.az”a istinadən xəbər verir ki, bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında rəsmi nikaha görə mübahisə olub.

Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona, “Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz”, - deyib.

16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib.

S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə Sabirabada, öz evinə gətirib.

Qeyd olunur ki, Nuranənin atası İlkin Ələkbərovun S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olduğu üçün qızını geri ala bilməyib. S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu “Mirmövsüm ağa” kimi tanıyır və hörmət edir.