Azərbaycan-Macarıstan münasibətləri bundan sonra daha da genişlənəcək

 13:14 22.05.2025     288

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

Mayın 20-də Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Baş nazir Viktor Orbanla keçirdiyi yüksəksəviyyəli görüş bu münasibətin dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açıb: “Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bəyanatla çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində yeni mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi qeyd edib, Macarıstan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı sərmayə layihələrinin təşviqi, ticarət dövriyyəsinin artırılması və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Azərbaycan Prezidenti Macarıstanın ölkəmizin ərazi bütövlüyünə daim göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib və bu dəstəyin iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olduğunu vurğulayıb”.

İmzalanan sazişlər, qurulan dostluq körpüləri, perspektiv planlar da sübut edir ki,  Azərbaycan ilə Macarıstanın bütün digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi bundan sonra da birgə fəaliyyət göstərəcəklər.

Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmağın çətinliyini də xatırladaraq bildirdi ki, “dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri də, səfər zamanı dövlət başçılarının mətbuata verdiyi bəyanatlar da tədsdiqləyir ki, Azərbaycan-Macarıstan münasibətləri dünyəvi proseslər müstəvisində tarixi gerçəkliklərin münasibətidir və bundan sonra daha da genişlənəcəkdir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri