FHN bu məktəblərdə mülki müdafiə tədbirləri keçirib - VİDEO

 13:21 23.05.2025     81

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.

Redaktor.az xəbər verir ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.