"Heyvanın içalatını atıb küçələri zibilxanaya çevirməsinlər" - İLAHİYYATÇIDAN ÇAĞIRIŞ

"Qurban kəsməyin hökmü bəzi üləmaya görə sünnət, müstəhəbdir. Bəzilərinə görə yalnız Həcc ibadətində olanlar üçün vacibdir. Bəzilərinə görə isə ümumiyyətlə imkanı olan müsəlmanlar üçün vacibdir ki, malından qurban kəssin və digərlərinə paylasın".
Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, Həzrət Peyğəmbər qurban kəsib, bu bayramı qeyd edib, bayram namazı qıldırıb:
"Mötədil və mötəbər səhabələr də bunu davam etdiriblər. İnsanların sosial yöndən bir-birinə yaxınlaşması, sosial siniflər arasında münasibətlərin isinməsi, Allaha yaxınlıq baxımından önəmli ənənədir. Nə gözəl ki, varlı, imkanlı adamlar yüzlərlə heyvan kəsdirib qocalar, uşaqlar, kimsəsizlər evinə hədiyyə edir, miskinin, fəqirin qarnını doyurur. Allah yolunda malını qurban etməklə canını da qurban edə biləcəyini nümayiş etdirir.
Yaxınlaşmaqda olan Qurban bayramı zamanı müsəlmanların diqqət etməli bəzi məsələlər var. Heyvanın içalat və baş ayağını küçələrə, yollara atıb yaşayış məntəqələrini zibilxanaya çevirməsinlər. İslam təmizliyi qurbandan əvvəl vacib edib. Quranda qurban haqda qəti hökm olmadığı halda təmizliyin vacib olması haqda çoxsaylı dəlillər var.
Qurban ətini satmasınlar. Qurban əti satılmaz. Onu satan cəhənnəmi satın almış sayılır. Sələmlə, kreditlə, borcla qurban kəsmək olmaz. Qurban adət və şöhrət üçün deyil, ibadətdir.
Dəvə, inək, camış, keçi və qoyundan qurban kəsilir. Böyük başlı heyvanlardan bir neçə nəfər şərikli olaraq alıb kəsib sonra bölə bilərlər. Amma qoyun və keçi kimi xırda buynuzlululardan olmaz.
Heyvanın kor, şikəst, xəstə olmaması daha yaxşıdır. Su təklif edilir və yönü qibləyə yalnız Allahın adı ilə və Onun adına kəsilir.
Məzarlıqda, yol kənarında kəsmək doğru deyil. Kiminsə ayağı altında qurban kəsmək də yanlışdır.
Məzarlıq, pirlər, ocaqlar sallaqxana, qurbangah yox, ziyarətgahdır.
İmkanlı adamlar kəsdiyi heyvanı üç hissəyə bölüb bir hissəsini ailəsi üçün, bir hissəsini qonşular üçün, digər hissəsini də imkansızlar üçün bağışlaya bilər. Daha yaxşı olar ki, imkanı olanlar çoxsaylı heyvanlar kəsdirib paylasınlar. Bu, onların malına, varına təzəlik, bərəkət gətirər. Minlərlə insanın xeyir - duası, razılığı ilahi dərgahda müstəcəb olar".
Vasif ƏLİHÜSEYN