Məhkəmə keçmiş icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar VERDİ

Məhkəmə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə qərar verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cinayət işi üzrə dövlət nəfinə müsadirə edilmiş Bakının Xətai rayonunda yerləşən və dəyəri 454 min manat olan mənzillərin geri qaytarılması üçün verilən şikayətə baxılıb.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən əmlak Mahir Quliyevin icra başçısı vəzifəsinə təyin olunmamışdan əvvəl alınıb.
Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
Daha sonra Ali Məhkəmənin qərarı ilə onun cəzası 11 ildən 8 il 3 aya endirilib.