FHN yanğın təhlükəli avtotəmir sexinin fəaliyyətini dayandırdı - VİDEO

 11:28 29.05.2025     150

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Redaktor.az xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat hazırlanmayıb;

təmir sexi avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- təmir sexində oksigen balonlarının istifadəsinə və saxlanılmasına yol verilib;

- obyektin ərazisi yanar tullantılardan, təmir sexləri isə yağlı sürtgü materiallardan təmizlənməyib;

- təmir sexi ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.