Əməkdar mühəndis vəfat etdi - FOTO

Uzun illər Azərbaycanın qaz təsərrüfatında rəhbər vəzifələrdə çalışan, Respublikanın əməkdar mühəndisi, Prezidentin fərdi təqaüdçüsü Əliş Müseyib oğlu İsmayılov vəfat edib.
Bu haqda Redaktor.az-a onun yaxınları məlumat verib.
Bildirilir ki, Əliş İsmayılov 11 fevral 1931-ci ildə Azərbaycan SSR-in Xıllı rayonu (indiki Neftçala rayonu) Qaralı kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1959-cu ildə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə təhsilini başa vurub və “Dağ mühəndisi” ixtisası alıb.
Əmək fəaliyyətinə qaz sahəsində başlayan Əliş İsmayılov müxtəlif illərdə “Başqaz” İdarəsində baş mühəndis, həmin idarənin rəisi, daha sonra isə “Azəriqaz” İstehsalat Birliyində müşavir vəzifələrində çalışıb. 1985–2000-ci illərdə Bakı şəhəri İstehsalat Qaz İdarəsinin rəisi vəzifəsini icra edib.
1991-ci il tarixli sərəncamla “Azərbaycan SSRİ-nin əməkdar mühəndisi” fəxri adına, 2011-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Əliş İsmayılovun qaz sənayesindəki xidmətləri və zəngin təcrübəsi ölkə miqyasında yüksək qiymətləndirilib.
