Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

 14:40 02.06.2025     131

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.

Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb.

Qeyd edək ki,  “Hər şey mümkündür” layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi “Ürəklərlə ianə et” aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. “Hər şey mümkündür” layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur.

Ətraflı məlumat üçün link: https://bit.ly/USQLR