Azərbaycan və Türkiyə mediası dezinformasiyaya qarşı necə mübarizə aparmalıdır?

 13:13 03.06.2025     118

Sosial Tədqiqatlar Mərkəzi (STM) və Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məqamlar müzakirə olunub.

Redaktor.az-ın məlumatına görə, STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, bu tədbir iki ölkə arasında media sahəsində strateji əməkdaşlığın inkişafına yeni təkan verir.

O, qeyd edib ki, informasiya müharibələri çağında yalan məlumatın silaha çevrildiyi bir dövrdə Azərbaycan və Türkiyə kimi dost və qardaş ölkələrin informasiya təhlükəsizliyi sahəsində birgə strategiyası prioritet məsələyə çevrilməlidir. Zahid Oruc media əməkdaşlığının yalnız xəbər mübadiləsi ilə məhdudlaşmamalı, eyni zamanda dəyərlərin, milli maraqların və strateji mövqelərin koordinasiyalı şəkildə müdafiəsini də əhatə etməli olduğunu vurğulayıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir isə deyib ki, Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində bir neçə komitənin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, bu komitələrdən birincisi ictimai diplomatiya mexanizmi olacaq.

"Bu mexanizm təkcə Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda digər türk dövlətləri üçün də faydalı olacaq. Bu mexanizmin tərkibində hər şey yer alacaq: dezinformasiyaya qarşı mübarizədən tutmuş, sənət və mədəniyyətin tanıdılmasına qədər. İkinci mərhələdə Beynəlxalq Media Platforması və Strateji Əlaqələr Komitəsinin yaradılması nəzərdə tutulur. Eyni zamanda rəqəmsallaşmanı hədəfləyən xüsusi bir komitənin də qurulması planlaşdırılır. Bu komitələr fəaliyyətə başladıqdan sonra Türkiyə-Azərbaycan Media Platforması daha effektiv və funksional şəkildə işləyəcək. Media sahəsi çox həssas sahədir. Mən düşünürəm ki, jurnalistlər dövlət kimi düşünməli və dövlətin maraqlarını, mənfəətlərini nəzərə alaraq fəaliyyət göstərməlidirlər", - deyə diplomat bildirib.

Müzakirələrdə iştirak edən Azərbaycan və Türkiyədən olan media nümayəndələri də çıxış edərək dezinformasiyaya qarşı birgə mübarizə ilə bağlı təkliflərini çatdırıblar.

Redaktor.az

22