Laçın şəhərində birgə olmağımız böyük rəmzi məna daşıyır

 10:29 04.06.2025     257

Cari ilin 28 may tarixində Müstəqillik Günü Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən görüş və tədbirlər regional güc balansına və geosiyasi ittifaqlara dair mühüm mesajların verildiyi strateji bir platformaya çevrildi. Üç qardaş ölkə liderlərinin xalqımızın milli qürur və iftixar günü olan 28 May – Müstəqillik Günündə Laçında keçirilən tədbirlərdə birgə iştirakı təkcə dostluq rəmzi deyildi, həm də strateji mesaj idi. Çıxışlarda səslənən fikirlər, əslində, gələcək çağırışlara qarşı birgə cavabın bəyannaməsi kimi də qiymətləndirilə bilər.

Dövlət başçısı çıxışında Azərbaycanın XX əsrin əvvəlində yaşadığı tarixi ədalətsizlikləri – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Qərbi Zəngəzurun qoparılıb Ermənistana verilməsi, Laçının işğalı və Xocalı soyqırımı kimi hadisələri xatırladaraq qeyd etdi ki, Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır. Ölkə Prezidenti İlham Əliyev çıxışında bu ədalətsizliklərə qarşı xalqımızın iradə ilə cavab verdiyini vurğulayaraq bildirdi ki, Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq.

Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir. Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.

 

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini