“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin əməkdaşlarının məqalələri dərc olunub

 13:51 05.06.2025     198

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi insan hüquqları sahəsində yalnız maarifləndirmə və hüquqi dəstək fəaliyyəti ilə deyil, eyni zamanda, elmi tədqiqat və beynəlxalq elmi əməkdaşlıqlarda da aktiv şəkildə iştirak edir. Mərkəzin əməkdaşları tərəfindən son dövrdə təqdim olunan elmi məqalələr və beynəlxalq simpoziumlarda iştirak bu istiqamətdə atılan addımlardandır.

24 aprel 2025-ci il tarixində Türkiyənin Balıkesir şəhərində keçirilmiş “5’inci İdare Hukuku ve İdari Yargı” adlı beynəlxalq simpoziumda Mərkəzin İdarə Heyətinin sədri hüquq elmləri doktoru, professor Əmir Əliyev, İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva və hüquqşünas köməkçisi Zeynalabidin Hüseynov “Azərbaycanda torpaq idarəçiliyinin hüquqi əsasları” mövzusunda tezislə çıxış etmişlər. Konfransa təqdim olunmuş tezis materialı dərc olunub.

Mərkəzin İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevanın Mərkəzin hüquqşünası Zərrin Əliyeva ilə birgə həmmüəllif olduğu “Ombudsman təsisatının fəaliyyətinə dair hüquqi tənzimləmələr: müxtəlif dövlətlər üzrə müqayisəli təhlil” adlı elmi məqalə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-1-ci sayında dərc olunub. Məqalədə başlıca məqsəd kimi müxtəlif dövlətlərin ombudsman təsisatına dair hüquqi tənzimləmələrinin müqayisəli təhlili qarşıya qoyulmuşdur.

Həmçinin Mərkəzin hüquqşünas köməkçisi Zeynalabidin Hüseynovun müəllifi olduğu “Hüquq texnologiyaları və onların vəkillik sahəsinə inteqrasiyası” adlı elmi məqalə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2024-2-ci sayında dərc olunub. Məqalədə rəqəmsal hüquq texnologiyalarının vəkillik institutuna təsiri və onların tətbiqi perspektivləri araşdırılıb.

Eyni zamanda, Mərkəzin hüquqşünas köməkçisi Camal Əliyev 10 aprel 2025-ci il tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş “ІІ Міжнародна науково-практична конференція: Публічна влада в умовах режиму воєнного стану: виклики, рішення, європейський вектор” adlı beynəlxalq elmi-praktik konfransda Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli ilə birgə “State support and stimulation of agriculture in Azerbaijan” adlı elmi tezisi ilə çıxış edib. Tezis artıq konfrans materialları toplusunda dərc olunub.

Bundan əlavə, Camal Əliyevin hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı və Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli ilə birgə həmmüəllif olduğu “Sağlam ətraf mühitdə davamlı inkişaf: beynəlxalq hüquqi əsaslar” adlı məqaləsi “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-1-ci sayında dərc olunub. Məqalədə ekoloji hüquqların qorunması və davamlı inkişafın beynəlxalq hüquqi çərçivəsi geniş təhlil edilib.