"Artıq beşinci ildir ki, Qurban bayramını Qarabağda qarşılayırıq" - Əli Məsimli

"Artıq beşinci ildir ki, Qurban bayramını 30 illik Qarabağ həsrətinə son qoyularaq Azərbaycanımızın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, qəhrəman əsgərlərimizin üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə ucaltdığı, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səsləndiyi, illər boyu etdiyimiz duaların qəbul olunduğu, öz tarixi torpaqlarına, ata-baba yurdlarına qayıdanların bu torpaqlara yeni həyat verməyə başlandığı bir şəraitdə qarşılayırıq".
Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Əli Məsimlinin Qurban bayramı ilə bağlı təbrikində deyilir.
"Dəyərli dostlar, Sizi və Sizlərin timsalında bütün həmvətənlərimizi, eləcə də dünyanın müxtəlif güşələrində yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan, Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinzə möhkəm can sağlığı, süfrələrinizə xeyir-bərəkət, ailələrinizə xoşbəxtlik, firavanlıq, saf niyyətlərinizin, dua və diləklərinizin gerçəkləşməsini arzulayırıq!
Bu müqəddəs gündə Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad edilməsi,süverenliyimizin bərpası, üçrəngli bayrağımızın ölkəmizin hər yerində dalğalanməsı naminə canından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, şəhid ailələrinə əbədi və dərin ehtiramımızi bildirir, qazilərimizə şəfalar, sağlam və uzun ömür arzulayırıq!
Allahın sevgi və mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun!", - deyə deputat bildirib.
Turan İSMAYIL