Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri

 11:12 10.06.2025     95

Giriş

Dilin istənilən xalqın təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyinin daşıyıcısı, toplumun tarixi yaddaşının, mənəvi dünyasının və ideoloji bütövlüyünün fundamental dayaqlarından biri olduğu qavranılmış gerçəklikdir. Beləliklə, dil milli mənsubiyyətin başlıca ifadəsi olduğuna görə vətəndaş cavabdehliyimizi və öhdəliklərimizi də qavramağımızı gərəkləndirir.

Erkin (bağımsız) dövlətçilik sürəsində dilin qorunması və qalxınması başlıca yönəldicilik kimi alqılansa da, mediada və rəqəmsal platformalarda, reklam daşıyıcılarında ədəbi, publisistik, elmi dil normalarının leksik, qrammatik və üslubi baxımdan pozuntularla ifadə edilməsi halları ciddi görünən dərəcədə çoxdur.

Həmin pozuntuların təhlili, səbəbləri və bu sayaq savadsızlığın, yaxud biganəliyin aradan qalxızılması istiqamətində sistemləşdirilmiş tövsiyələr zaman-zaman ortaya qoyulsa da problemin aradan qalxızılması üçün yetənəkli üsullar düşünülməmişdir. Dilimizin işlənmə durumunu mediada görüb də bunları yazmamaq olmur.

Baxmayaraq ki, sosial ifadə müstəvilərində (KİV-də, internet resurslarında, reklam daşıyıcılarında) ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı durum, pozuntuların açığa çıxardılması, bu yöndən dilin qorunması və zənginləşməsi, düzgün istifadəsi üçün tövsiyələrin verilməsi barədə dönə-dönə toplantılar olub, dəyərli təkliflər verilib.

Üstəlik, Ölkədə qos-qoca AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda, BDU-da və Pedoqoji universitetlərdə Azərbaycan dili akademik səviyyədə araşdırılaıb, üslublaşdırılıb. Yüzlərlə filoloq dil mövzusunda alimlik dərəcəsi alıb.

Ayrıca 2001-ci il iyunun 18-də rəhbəri ölkə prezidenti olmaqla Dövlət Dil Komissiyası yaradılıb. “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam verilib, həmçinin Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb. Məqsəd dövlət dilinin mövqeyinin möhkəmləndirilməsinə, norma və qaydalarına əməl olunmasına, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılmasına, zənginləşməsinə, qorunmasına dövlət siyasətini yürütməkdir”.

Hələ üstəlik, 2018-ci ildən 2024-cü ilin noyabrınacan işləmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mediada dil nöqsanlarının olmaması ilə bağlı xeyli layihələr gerçəkləşdirib.

Dilçi alimlərin, ekspertlərin, KİV-lərin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə dəfələrlə ictimai müzakirələr təşkil olunub. Bu sürədə “Azərbaycan dilinin milli dəyər” anlayışı müdafiə oluub. O sıradan ayrıca TV veriliş yayımlanıb.

Ancaq, amma, lakin... Problem istəklərimiz qatında həll edilməmiş qalır.

Azərbaycan dilinin adi leksik və qrammatik qaydalarının pozulması, əcnəbi dillərdə olan söz və ifadələrin işlədilməsi vəziyyəti necə, hansı üsullarla izlənməlidir? Azərbaycandilli mətbuatın vəziyyəti hansı prinsiplərlə təhlil və monitorinq edilməlidir? İçində olduğumuz MEDİA yükümlülərinə hansı ismarışlar verilməlidir? Ya dilin düzəni üçün belə dirənişlər etmək gərəksizdir, faydasızdır? Bəlkə problemin aradan qalxızılması üçün yetənəkli üsullar yoxdur?

Bu suallar daim açıq qalmalıdır. Çünki, qloballaşan dünyada, internetin mədəniyyətləri və dilləri çulğaşdırdığı məkanda dilin daim sahmanda olması hər bir doğma dil daşıyıcısının haqqı və məsuliyyətidir.

Sezdiyimiz faktlardan doğan problemlər zamanla həll edilən işdir.

Azərbaycandilli mediada, xüsusilə də sosial şəbəkələr və onlayn xəbər portallarında ədəbi dil normalarına əməl edilməməsi halları çoxalmaqdadır. Bu pozuntular əsasən aşağıdakı formalarda özünü göstərir:

  • Morfoloji pozuntular, cümlədə təyin və tamamlığın yerinin yanlış yazılması,– çoxlu redaksiyanın işlədiyi Nəşriyyatın girişinə pandemiya zamanı xəbərdarlıq yazıb yapışdırmışdılar: “Maskasız binaya girmək qadağandır!” Düzgün yazılışın “Binaya maskasız girmək qadağandır!” olmasına heç kim etina etmirdi.
  • Sərbəst danışıq üslubunun normativ yazı dilində işlənməsi – Məsələn, “heç kim görmür də” kimi şifahi danışıq formaları yazılı mediada yer almaqdadır.
  • Şifahi ünsiyyət elementlərinin reklam və afişalarda orfoqrafik, leksik, üslub pozuntuları ilə işlədilməsi – “Ən dadlısı bizdədi!”, “Gəlin baxın, görəcəksiz”, "O nədi elə?""Lap əla keçdi tədbir""Kimdi günahkar?", “Gəl biznən ol”.
  • Yersiz sensasiyalarda dilin eybəcərləşdirilməsi – Bəzi xəbər başlıqları: “Azərbaycan partladı – medal qız yağışı”“Bu görüntü sizi şoka salacaq!” – informasiya yox, emosional manipulasiyalarla sensasiya oyunu qurmaqdır.
  • Ən qorxulusu isə, əcnəbi söz və ifadələrin tərcüməsiz işlədilməsidir – “start verildi”, “menecment komandası”, “event keçirildi”, "feedback aldıq", "PR kampaniyası başladı" kimi ifadələrin öz dilimizdə qarşılığı olsa da yersiz.
  • Bu sayaq çoxlu faktlar sıralamaq olar. Ölkə mediasında hər gün bu və buna bənzər xeyli qüsurlu misallar toplaya bilərik.

Səbəbləri sistemləşdirəndə problemin çoxşaxəli olduğu önə çıxır:

  • Redaktə institutunun zəifliyi: Bir çox onlayn media orqanlarında ixtisaslaşmış redaktor heyətinin olmaması;
  • Peşəkar jurnalist hazırlığının keyfiyyəti: Jurnalistika sahəsində çalışanların ədəbi, rəsmi, elmi dil biliklərinin istifadədə loru ifadələrdən ayırım təcrübəsinin zəifliyi;
  • Dil siyasətində tənzimləyici mexanizmlərin yetərsizliyi: Qanunvericilikdə məsuliyyət müəyyən edilsə də tətbiq və nəzarətin, demək olar ki, olmaması;
  • Reytinq və tıklama dalınca qaçan medianın və sosial şəbəkələrin təsiri: Qısa, emosional və tıklama yönümlü mövzunun dilinin keyfiyyətindən çox, diqqətçəkiciliyini önə çıxarmaqla normativ və estetik dəyərlərin arxa plana keçirilməsi;
  • Xarici dillərin (xüsusilə də ingiliscənin) təsiri. Ekspertlərin əcnəbi terminləri yerli-yersiz işlətmələri;
  • Ən başlıcası, TV-lərdə, radiolarda düzgün danışıq mövzusunda təlim-verilıişlərin olmaması. Zamanla cəhd edilsə də dilin öyrədilməsi ilə bağlı tutarlı modelin tapılmaması.

Monitorinq və statistik təhlil:

Azərbaycan dilinin istifadəsinə nəzarət üzrə Monitorinq Mərkəzinin yayımladığı illik hesabatlarda aşağıdakı xətalı vərdişlər qeyd olunur:

  • Elektron KİV-də dil pozuntusu ilə müşahidə olunan başlıqların ümumi xəbərlərə nisbəti: təxminən 35-45%;
  • Reklam və afişalarda sintaktik və morfoloji səhvlərin payı: təqribən 60%;
  • Sosial media kontentində ən çox pozulan norma: şəxs və zaman şəkilçilərinin istifadəsi, loru ifadələrin yazıya daşınması, durğu işarələrinin işlənmə qaydalarını bilməmə.

Müstəqil qurumlar və dil mütəxəssislərinin dillə bağlı davamlı monitorinqləri açığa çıxardır ki, ədəbi dilə əməl etmə faizi xüsusən elektron mediada çox aşağıdır. Belə ki, bəzi populyar xəbər saytlarında yazıların 60%-ə qədəri sintaktik və leksik pozuntularla müşahidə olunur.

Anlamaq gərəkdir ki, dilin qorunması ilə yanaşı genişləndirilməsi təkcə texniki dil normativləri çərçivəsində deyil, ideoloji və mədəni dəyər kimi qəbul edilməlidir. Bu yanaşma şüar deyil, strateji konsepsiyadır. Milli dəyər sistemində dil:

  • Mədəni özünütəsdiqin göstəricisi;
  • Dövlətin suveren atributu;
  • Təhsilə və ictimai rəyə ən başlıca təsir mexanizmidir. Bunun da ifadə meydanı əsaslı olaraq mediadır.

Təkliflər

  1. KİV üçün yazılmış normativ dil bələdçisinin mütəmadi yenilənməsi və yenidən çaplanması;
  2. Jurnalist və kontent istehsalçıları üçün dil bilikləri üzrə illik təkmilləşdirmə, redaktə və korrektə kurslarının təşkili;
  3. Media qurumlarında məcburi redaktə heyətinin saxlanılması barədə hüquqi mexanizmlərin hazırlanması;
  4. Jurnalistika və PR ixtisasları üzrə ədəbi dil və stilistika fənlərinin təkmilləşdirilməsi;
  5. Ədəbi dilə həsr olunmuş ictimai müzakirələrin – debat, forum, konfrans formatında keçirilməsi;
  6. Reklam daşıyıcılarında və sosial mediada dil pozuntularına məsuliyyətin artırılması üçün xəbərdarlıq və cərimə mexanizmlərinin tətbiqi, Mədəniyyət Nazirliyi ilə birgə monitorinqlərin təşkili;
  7. İctimai TV-də “Niyə belə deyirik” adlı daimi studiyanın qurulması;
  8. Ədəbi dilin normativ istifadəsini təşviq edən sosial layihə və kampaniyaların həyata keçirilməsi.

Nəticə:

“Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.

KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir.

Azərbaycan dili bizim milli ruhumuzun, mədəniyyətimizin səsidir. Dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur. Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır.

Oxunmalı ədəbiyyat:

  1. Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu, 2002
  2. Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi – İllik hesabatlar (2022–2024)
  3. Qasımova S. “Müasir Azərbaycan mətbuatında dilin durumu” – Bakı Universiteti nəşriyyatı, 2020
  4. Məmmədov A. “Jurnalistikanın dil mədəniyyəti” – ADPU, Bakı, 2019
  5. Əliyev R. “Mediada ədəbi dilin qorunması problemləri” // Jurnalistika və Kommunikasiya Elmi Jurnalı, №2, 2023
  6. UNESCO. “Linguistic Diversity and Media Freedom” – Regional Report, 2021
  7. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, 2021

Əlisafa Mehdi                                         

BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.