"Azəriqaz"ın rəhbəri “Qaz təchizatı haqqında" yeni qanundan DANIŞDI

"Qaz təchizatı haqqında" qanun layihəsi təkcə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında sözügedən sənədin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, “Azəriqaz” paylanma və pərakəndə satış funksiyalarını həyata keçirir:
“Hazırda 2,6 milyondan çox abonentə birbaşa xidmət göstəririk. “Qaz təchizatı” haqqında yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Bu sənəd yalnız “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq”.
Azər Məmmədov qeyd edib ki, Avropa İttifaqı bu sahədə islahatlara hələ 1996-cı ildə başlayaraq enerji sektorunu mərhələli şəkildə modernləşdirib:
“Sonuncu enerji paketi isə 2023-cü ildə qəbul edilib. Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndiriblər. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar atır və beynəlxalq təcrübəni nəzərə alaraq mövcud islahatları daha da dərinləşdirməyə çalışır. Qanun layihəsinin qəbulu isə bu istiqamətdə atılan mühüm addımlardan biri olmaqla, sistemli risklərin aradan qaldırılmasına, fəaliyyətimizin çevik, şəffaf və dayanıqlı əsaslar üzərində qurulmasına, sahənin orta və uzaq perspektivli inkişafının təmin edilməsi üçün zəruri hüquqi tənzimləmnə bazasının formalaşdırılmasına imkan verəcək”.