“Azərişıq” ASC-nin nümayəndələri Şəmkirdə sahibkarlarla görüşdü - FOTO

 11:48 28.05.2025     12

"Azərişıq” ASC regionların elektrik şəbəkəsində həyata keçirdiyi əsaslı təmir və yenidənquma işlərinə paralel olaraq, həmçinin bölgələrdə maarifləndirici tədbirlər təşkil edir. Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə mütəmadi görüşlər keçirilir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən təşkil olunan belə tədbirlərdən biri Şəmkirdə baş tutub.

Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində təşkil olunan görüşə 40-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov,  Aktların Uçotu və İcrasına Nəzarət Şöbəsinin rəisi Fuad Yusifov, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elmar Mahmudov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Rüfət Sahibsoy iştirak edib.

Görüş zamanı sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər¬ – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat paylaşılıb. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Görüş zamanı sahibkarlara “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən tədris kurslarında dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim edilir.  

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC Şəmkirlə yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər təşkil edir. Fermer və sahibkarların mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.

2