Ağsuda YAP-a yeni üzv olanlara vəsiqə verildi - FOTO

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı və Sağ sahil ƏPT-nın (Ağsu rayon Mərkəzi Xəstəxanası) birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ağsu rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev və Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Gülnarə Muxtarova iştirak ediblər.
Təbdirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsi uğrunda qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 15 iyun Milli Qurtuluş Günü ilə bağlı hazırlanmış videofilm nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Vurğulayıb ki, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.
Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Gülnarə Muxtarova çıxışında bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Partiya veteranı Fazil Əzizov, ƏPT-nın üzvü Dilarə Mirzəliyeva çıxış edərək 15 iyun Milli Qurtuluş Gününün dövlətimiz və xalqımızın həyatında müstəsna əhəmiyyətindən danışaraq bildirdilər ki, Ulu Öndərin böyük ideyalarını layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, igid oğullarımızın şücaəti ilə bu gün işğaldan azad edilən bütün ərazilərdə möhtəşəm bərpa və quruculuq işləri aparılır, əhalinin mərhələli şəkildə köç prosesi həyata keçirilir.
Sonda partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.







