Məktəblilərlə görüş keçirildi - FOTO

 15:28 13.06.2025     100

Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir.

Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq.

Təşkilatın ilk tədbiri iyun ayının 12-də Maştağa qəsəbəsində yerləşən 187  saylı tam orta məktəbdə oldu. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Gülnarə Hənfiyeva tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, iştirakçıların suallarına cavab verdi. Sonda məktəblilərin (Babayev Kamal, Sadıqova Zəhra, Bəndiyeva İlahə, Babayeva Fatimə, Əli Kərimzadə) ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.

222