Bakı Peşə liseyində şagirdlərlə görüş keçirildi - FOTO

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.
Redaktor.az xəbər verir ki, layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir.
Qeyd edək ki, layihə həyata keçirildiyi dövrdə ilk dəfə “ Vətən və zəfər nəğmələri” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib. Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. Kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.
Təşkilatın növbəti tədbiri iyun ayının 17-də Bakı şəhərində yerləşən 18 nömrəli Bakı Peşə Liseyində də oldu. Tədbiri çıxış sözü ilə açan liseyin Tərbiyə işləri üzrə müavin Oksana Ömərova tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Sonra tədbir layihəyə qonaq kimi dəvət olunan Vəfa Salehova tərəfindən davam etdirildi. O, iştirakçılara layihənin ideyası və məqsədi haqqında danışarkən bu gün yeniyetmələrin öz Vətənləri, dövlətləri ətrafında bir yumruq kimi birləşmələrinin zəruriliyini qeyd etdi. Layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq I Qarabağ müharibəsi zamanı jurnalist kimi göstərdiyi fəaliyyətdən, əsgərlərimizin şücaətindən danışdı. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, t.ü.f.d., I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, iştirakçıların suallarına cavab verdi. O, tələbələrə müharibənin başlama səbəblərini sorduqdan sonra bu barədə ətraflı danışaraq, Azərbaycan dövlətinin gücünün, möhkəmliyinin səbəblərinə toxundu. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət haqqında da ətraflı danışdı. Sonda tələbələrin sualları cavablandırıldı. Ümumilikdə tədbir çox maraqlı, disskusiya şəklində keçdi.
