“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirildi

 21:09 26.06.2025     95

 25 iyun 2025-ci il– Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə təşkil edilən “Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhəri, Nizami Kino Mərkəzində baş tutub. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Maliyyə-İqtisad Kollecinin təşkilati dəstəyi və və “HAYAT Media” qrupun texniki dəstəyi ilə reallaşıb.

Redaktor.az xəbər verir ki, təqdimat mərasimi 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunub. Mərasimdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilmiş, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi ehtiramla yad edilib. 

Film, yalnız şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, həmçinin tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Tədbir iştirakçıları sənədli filmin nümayişindən sonra şəhid Mübariz Xankişiyevin həyatına və döyüş yoluna dair xatirələrini bölüşüblər.

Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi» kollektivinin iştirakı ilə təşkil olunan mini konsert proqramı ilə yekunlaşdırılıb. Konsertdə vətənpərvər mahnılar səsləndirilmiş, iştirakçılara duyğusal anlar yaşadılıb. 

Tədbirdə Milli Məclisin üzvləri Ceyhun Məmmədov, Razi Nurullayev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, 

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi üzrə böyük məsləhətçisi Abbaslı Abbas, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Bəxtiyar, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kənd İƏD-si üzrə nümayəndəsinin müavini Sadıqov Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri, dövlət qurumları, media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimə geniş auditoriyanın qatılması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyan bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirib.

2222222