"Cümşüd məsuliyyətsizliyin və susqunluğun qurbanıdır"

 09:20 30.06.2025     175

Azəryolun asfaltı çökdü, yer açıldı, bir insan yox oldu…

Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə, 27 yaşlı Cümşüd Cümşüdlü yeni asfaltlanmış yolun kənarı ilə gedirdi. Yolun ortasında dayanıb ətrafına baxdı – bəlkə də qarşıdakı maşına, bəlkə də elə öz yoluna. Sonra avtomobil yolunda dayandığının fərqinə vardı və kənara çəkilmək istədi.

Və… yer açıldı.

Asfalt çökdü.

Cümşüd yerə düşdü və qeyb oldu.

O geri qayıda bilmədi. Necə oldu? Niyə? Dəfələrlə o anı beynimdə təkrar-təkrar yaşayıram.

Cavan oğlan idi. Görəsən, uşaqları var idi? Valideynləri indi nə yaşayır?

O kadrları unutmaq olmur: bir addım atır və həyat bitir…

İki gün sonra meyiti Hövsan kanalizasiya kollektorunda tapıldı.

Rəsmi açıqlama isə belə oldu:

“Meyit tapılıb, aidiyyəti üzrə təhvil verilib.”

Vəssalam.

Amma biz soruşuruq:

– Bu cinayət işi kimi araşdırılırmı?

– Bu yolu istifadəyə kim verib?

– Tikinti şirkəti niyə susur?

– “Azəryolservis” niyə bir kəlmə belə açıqlama vermir?

– Yolun altında boşluq varsa, niyə xəbərdarlıq yox idi?

– Hüquq-mühafizə orqanları niyə təkcə “meyit tapıldı” ilə kifayətlənir?

Bu gün Cümşüd idi.

Sabah bir uşaq, bir məktəbli, bir ana da ola bilər.

Bu təkcə bir insan itkisi deyil.

Bu, məsuliyyətsizliyin və susqunluğun qurbanıdır.

Şahbaz Xuduoğlu,

naşir