Şahin Şıxlinskinin oğlu atasının saxlanılmasından danışdı - YENİLƏNİB

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”.
Redaktor.az xəbər verir ki, bunu polis tərəfindən saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski deyib.
Onun sözlərinə görə, onlar “Baku Plaza” otelinə yaxınlaşarkən hüquq mühafizə orqanlarının əməkdaşları yolu kəsib və onların olduğu avtomobilin şüşələrini sındırmağa başlayıb.
"Düşünürəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və arxaya çəkildim. Sonra bizi avtomobildən çıxardılar. Hər ikimizin vəkili olduğumuzu izah etməyə, niyə saxlandığımızı izah etməyə çalışdım. Cavabında mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni sərbəst buraxdılar, atamı isə Sverdlovski vilayətinin İstintaq Komitəsinə apardılar. Hansı əsasla şahidi Rusiyanın İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəldiklərini anlamıram. Bu, bizə qarşı qanunsuz hərəkətlərdir. Atamın hansı xəsarətlər aldığını bilmirəm.", - o deyib.
Onun sözlərinə görə, Şahin Şıxlinskinin statusu dəyişməyib və o, hələ də Yunis Paşayev (2001) və İkram Hacıyevin (2011) qətli işi üzrə şahiddir.
Qeyd edək ki, daha əvvəl məhz bu iş üzrə aparılan reydlər zamanı Səfərov qardaşları dünyasını dəyişib.
***
Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.
Redaktor.az-ın APA-ya istinadən məlumatına görə, Ş.Şıxlinskinin oğlu Mutvali Şıxlınski də onunla bərabər saxlanılıb daha sonra sərbəst buraxılıb.
Fotoda: Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski
Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.
Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.
Oxu.az-ın məlumatına görə isə Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.
Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə əlaqədar aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib.
Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.