DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib, ardınca məzunlara Akademiyanın diplomları təqdim olunub.
Daha sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.
Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.

