Bakıda I sinfə qəbulla bağlı bu qədər sorğu yerləşdirilib

İyulun 9-na (saat 12:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 min 937 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5539 müraciət operativ şəkildə cavablandırılıb. Həmin müraciətlərdən 305-i alternativ qeydiyyat mərkəzlərində, 4892-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 342 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 12-dək davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-dək xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və vatsap vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciət ünvanlaya bilərlər.