Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

4-6 iyul tarixlərində keçirilmiş beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələrinə əsasən, 124 namizəd final mərhələsinə vəsiqə qazanıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 329 iştirakçı idarəetmə bacarıqlarını sınamaq imkanı əldə edib.
Finalçılar arasında 79 nəfər Bakıdan, 45 nəfər isə regionlardan qatılan namizədlərdir. Onlardan 99-u kişi, 25-i qadındır. Seçilmiş finalçılar dövlət, özəl və beynəlxalq şirkətlərdə, eləcə də qeyri-hökumət təşkilatlarında çalışan peşəkarları təmsil edir.
Yarımfinal mərhələsində iştirakçılara 12 fərqli keys təqdim olunub. Namizədlər 4 müxtəlif komanda quruluşu əsasında bu tapşırıqlar üzərində çalışaraq müxtəlif səriştə bacarıqlarını nümayiş etdiriblər. Hər bir iştirakçı 2 gün ərzində 8 fərqli ekspert tərəfindən qiymətləndirilib. Bu yanaşma şəffaf və çoxşaxəli qiymətləndirməni təmin edib.
Qiymətləndirmə prosesində ümumilikdə 92 ekspert iştirak edib. Onların fəaliyyətini əlaqələndirmək və mərhələnin effektiv idarəsini təmin etmək məqsədilə işçi qrupundan 5 nəfər koordinator rolunda çıxış edib.
Final mərhələsinə keçid üçün minimal bal 16 olaraq müəyyən edilib.
Müsabiqənin son mərhələsi olan final 18–20 iyul tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu mərhələdə iştirakçılar “İdarəçi rollar modeli” üzrə yeni situasiyaları həll etməklə bilik və bacarıqlarını bir daha nümayiş etdirəcək və qalibiyyət uğrunda mübarizə aparacaqlar.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.