Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının iştirakçıları ilə görüşdü - VİDEO

 17:42 09.07.2025     99

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) icraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən bəzi ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazir sözügedən tədbirlə əlaqədar Azərbaycana səfərə gəlmiş Misirin Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim Faruq Əbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, Qətərin Müki Müdafiə Departamentinin baş direktoru Həməd Otman Aldeha və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən nazir K.Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizə istiqamətində xarici tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb. Bu mənada, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrin uyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar, xüsusilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydası vurğurlanıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda mülki müdafiə və əhalinin fövqəladə hadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıda keçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

222