Rabitəbank 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini AÇIQLADI

Rabitəbank 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2025-ci ilin ilk 6 ayı ərzində Rabitəbank 6 milyon 831 min manat xalis mənfəət əldə edib.
Cari ilin II rübündə Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.4% artaraq 1 milyard 188 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb. Nəticədə ümumi kredit portfeli 909 milyon 743 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 14% artaraq 407 milyon 857 min manata, o cümlədən, istehlak kreditləri portfeli 26% artaraq 329 milyon 386 min manata, ipoteka kreditləri isə 19% artaraq 172 milyon 500 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏR QOYULUŞLARI ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin 6 ayı ərzində fiziki şəxslər üzrə əmanətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6% artaraq 499 milyon 698 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18.5% artaraq 64 milyon 166 min manata çatıb.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 120 milyon 579 min manat olub.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.