İşə qayıdış zamanı ən böyük səhv budur

Tükənmişlikdən sonra işə qayıdış zamanı ən böyük səhv əvvəlki iş rejiminə tələsik qayıtmaqdır.
Redaktor.az xəbər verir ki, bu haqda direktor Yevgeniya Qankina lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, bir çox insanlar özlərini yaxşı hiss etməyə başlayanda dərhal tam güclə işləməyə çalışır və bu da yeni bir tükənmə dövrünü tətikləyir.
“Tükənmişlikdən sonra işə qayıtmaq başdan-başa tullanmaq deyil, tədricən baş verən prosesdir”, - deyə mütəxəssis bildirib.
O əlavə edib ki, sinir sisteminin tam bərpası daha uzun vaxt tələb edir, buna görə də, hətta insan özünü yaxşı hiss etsə də, ehtiyatlı olmaq vacibdir.
Qankina işə qayıdış zamanı ilk addım kimi tükənməyə səbəb olan amillərin müəyyən edilməsini tövsiyə edib.
O, çevik iş qrafiki barədə rəhbərlik və ya həmkarlarla danışmağı, iş vəzifələrinin yenidən bölüşdürülməsini və şəxsi sərhədlərin qorunmasını vacib sayır.
“Tükənmişlikdən sonra sərhədlərinizi qorumağı və vaxtınızı idarə etməyi öyrənmək xüsusilə vacibdir. Nəyəsə razılıq verməzdən əvvəl fasilə verməyi öyrənin”, - deyə o qeyd edib.
Mütəxəssis həmçinin vurğulayıb ki, təkrar tükənmənin qarşısını almaq üçün əlavə enerji mənbələri tapmaq lazımdır. Bu fəaliyyətlər işlə bağlı olmamalı və nəticə tələb etməməlidir.
Aytəkin TOFİQQIZI