Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi KEÇİRİLDİ

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, müşavirəni açan Nazim Rəcəbov bildirib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Bu sahədə ölkədə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin şəffaf və sağlam əsaslarla qurulması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.
Sonra Nazim Rəcəbov hesabat dövründə Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 5 min 713 müraciətinə baxılıb. Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin olunub, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanıb, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub. Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin edilib.
Nazim Rəcəbov, həmçinin bildirib ki, hesabat dövründə Baş İdarənin beynəlxalq fəaliyyəti istiqamətində də mühüm nailiyyətlər əldə olunub, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq nüfuzu və etimadı daha da artıb. Bu xüsusda may ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin 10-cu görüşü və 6-cı plenar iclası Azərbaycan Prokurorluğunun qlobal antikorrupsiya platformalarında fəallığının və təşəbbüskarlığının növbəti təzahürü olub.
Müşavirədə Baş prokuror Kamran Əliyevin göstərişləri də iştirakçılara çatdırılıb. Daxil olmuş müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşların dəqiq və dolğun şəkildə məlumatlandırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələr üzrə davamlı təhlillərin aparılması istiqamətlərində işlərin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Əməliyyat müşavirəsinin sonunda Nazim Rəcəbov vurğulayıb ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nəzarət daimi diqqətdə saxlanılmalı, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi, əmlakın bərpası və qətimkan tədbirlərinin səmərəli tətbiqinə xüsusi önəm verilməlidir. O, bu kimi məsələlər ətrafında aparılan geniş təhlillərdən sonra qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına verib.

