Bu gün 3-cü Şuşa Qlobal Media Forumu keçiriləcək

 16:37 19.07.2025     328

İyulun 19-21-də 3-cü Şuşa Qlobal Media Forumu təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, Şuşa Qlobal Media Forumu bu il “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunur.

Sürətlə dəyişən informasiya mühitində rəqəmsal texnologiyaların mediaya təsiri, süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələrin aparılması məqsədilə Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edəcək.

Forumda “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiyanın, bununla yanaşı “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüşün təşkil olunması nəzərdə tutulub.

Forum çərçivəsində Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi, Türk dünyasında informasiya və media sahəsində həyata keçirilən fəaliyyətlər barədə TDT-nin məsul nümayəndələrinin təqdimatları, həmçinin “Təyinat: Şuşa, Azərbaycan” sənədli filminin nümayişi baş tutacaq. Bununla yanaşı, “Mədəni irs və yeni media” və “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzularında paralel tədbirlər təşkil olunacaq.

Ümumilikdə panel müzakirələr və görüşlər zamanı süni intellektin informasiya istehsalında yaratdığı imkanlar və risklər, dezinformasiyanın yayılmasının qarşısının alınmasında media savadlılığının rolu, sosial medianın ictimai etimada təsiri ətraflı şəkildə təhlil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən