"Kibersuverenliyi mövcud olmayan dövlət bu gün öz klassik suverenliyini qoruyub saxlaya bilməz" - DTX Akademiyasının rəisi

 20:14 21.07.2025     152

İlk dəfə informasiya təhlükəsizliyi ixtisası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında formalaşdırılıb. Həmin vaxt ixtisas hələ bu qədər mühüm əhəmiyyət kəsb etmirdi. Sadəcə olaraq başlanğıc idi. Lakin son dövrlərdə bizim həyatımızda, elmdə baş verən dəyişikliklər bu sahənin nə qədər əhəmiyyətli olmasını bir daha təsdiq etmiş oldu”.

Redaktor.az xəbər verir ki, bunu DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O, bildirib ki, XXI əsr informasiya əsridir. Elşad Nəsirovun sözlərinə görə, ötən əsrdə bir çox sahələr üzrə informasiya qıtlığı var idisə, hazırda informasiya bolluğu mövcuddur.

“Həmin informasiyaların hansının zərərli, əhəmiyyətli olması hər zaman problem qarşısında qalmağa gətirib çıxaracaq. Digər tərəfdən Azərbaycan sürətlə inkişaf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunandan sonra təbii ki, təhdidlərin sayı çoxalır. Azərbaycan regionda sözünü deyən dövlətə çevrilməklə yanaşı, həm də beynəlxalq aktorlardan biridir. Təbii ki, belə bir dövlətin dostları ilə bərabər, onu istəməyən, rəqabətdə ona qalib gəlməyə çalışan, öz maraqları naminə Azərbaycana qarşı müxtəlif pozuculuq hərəkətləri etmək istəyən çoxsaylı qüvvələr meydana çıxır və hibrid savaş meydana gəlir. Bu təhdidlər içərisində ən böyük təhlükə məhz kibertəhdidlərdir. Çünki sərhədi aşmadan, ərazinə daxil olmadan müxtəlif təxribatlar törədə, cəmiyyətdə qarışıqlıq yarada, iqtisadi təhlükəsizliyə mənfi təsirlər göstərə bilər. Ona görə də bu sahənin sürətlə inkişaf etdirilməsi kibersuverenlik məsələlərinin təmin olunmasına xidmət edir. Kibersuverenliyi mövcud olmayan dövlət bu gün öz klassik suverenliyini qoruyub saxlaya bilməz", - deyə E.Nəsirov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən