Qlobal rəqəmsal kapitalizmdə insan alverinin sistematik iqtisadi dinamikası

 17:09 22.07.2025     108

İnsan alveri XXI əsrin ən ciddi və sistemli hüquq pozuntularından biri olmaqla, qlobal miqyasda milyonlarla insanın azadlıq, təhlükəsizlik və ləyaqət hüquqlarını pozur. Bu fenomen təkcə fərdlərin zorla istismarına yönəlmiş cinayət əməli deyil, həm də dərin sosial-iqtisadi səbəblərə malik olan, qlobal kapitalist sistemin struktur boşluqları ilə qidalanan mürəkkəb bir prosesdir.

Müasir dünyada insan alveri yalnız hüquqi və humanitar baxımdan deyil, həm də iqtisadi və texnoloji baxımdan genişmiqyaslı və sistemli bir struktur kimi fəaliyyət göstərir. Kapitalist istehsal münasibətlərinin və texnoloji irəliləyişlərin yaratdığı yeni iqtisadi mühitdə insan alveri bir bazar mexanizmi formasında fəaliyyət göstərərək, qurbanları resursa çevirir və istismarı sərfəli iqtisadi fəaliyyət kimi təqdim edir.

Kapitalist iqtisadiyyatın əsas prinsiplərindən biri olan sərbəst bazar mexanizmi, əslində, əməyi yalnız istehsal vasitəsi kimi qəbul edir və insan ləyaqətini iqtisadi rentabellik mülahizələri fonunda ikinci plana keçirir. Belə şəraitdə hüquq və etik dəyərlər mənfəət məqsədilə ya nəzərə alınmır, ya da texnoloji vasitələrlə gizlədilir. Bu mexanizm insan alverinin təməlində dayanan əsas məsələni, yəni insan bədəninin və əməyinin alınıb-satılan obyektə çevrilməsini – iqtisadi cəhətdən legitimləşdirir. BMT və Beynəlxalq Əmək Təşkilatı kimi qurumların hesabatlarına əsasən, insan alveri qlobal miqyasda hər il təqribən 150 milyard ABŞ dolları dəyərində qanunsuz gəlir gətirir ki, bunun da əhəmiyyətli hissəsi cinsi və əmək istismarına əsaslanır. Bu isə onu göstərir ki, insan alveri artıq qlobal kölgə iqtisadiyyatının sadəcə bir hissəsi deyil, onun əsas dayaqlarından birinə çevrilmişdir.

Rəqəmsallaşma bu prosesi daha da mürəkkəbləşdirir və sistemləşdirir. İnternetin yayılması, sosial media platformalarının inkişafı və rəqəmsal əmək bazarlarının formalaşması insan alverinin texnoloji əsaslarla həyata keçirilməsinə imkan yaradır. Əvvəllər fiziki şəbəkələr və vasitəçilər vasitəsilə həyata keçirilən istismar bu gün onlayn elanlarla, saxta agentliklərlə, iş təklifləri ilə və sosial şəbəkələrdə həyata keçirilən aldatmalarla əvəz olunmuşdur. Bu texnoloji mexanizmlər bir tərəfdən istismarın coğrafi sərhədlərini aradan qaldırır, digər tərəfdən isə hüquqi nəzarəti çətinləşdirir. İstismar artıq yalnız fiziki məkanlarda deyil, virtual müstəvidə də baş verir. Onlayn eskort xidmətləri, “cam girl” platformaları, deepfake texnologiyası (süni intellekt və maşın öyrənməsi vasitəsilə yaradılan və insan baxışından real kimi görünən saxta audio, video və ya şəkilləri ifadə edən texnologiyadır) ilə yaradılan saxta pornolar və psixoloji manipulyasiyaya əsaslanan marketinq üsulları insanın bədənini və emosional əmək potensialını texnoloji və iqtisadi alətə çevirir.

Əmək miqrasiyası bu sistemin əsas bəsləyici kanallarından biridir. Qeyri-qanuni və sənədsiz şəkildə ölkə dəyişən miqrantlar sosial və hüquqi baxımdan ən zəif təbəqəni təşkil edirlər. Onlar çox zaman internet üzərindən iş axtarır, şəxsi məlumatlarını onlayn platformalarda paylaşır və nəticədə insan alveri şəbəkələrinin hədəfinə çevrilirlər. Bu texnoloji asimmetriya yəni texnologiyadan istifadə imkanlarının qeyri-bərabərliyi qurbanların özlərini müdafiə etmək imkanlarını minimuma endirir. Bu isə insan alverini daha səmərəli və gizli iqtisadi modelə çevirir. Kapitalist bazarın tələb-təklif qanunları çərçivəsində insan bədəni və əməyi texnoloji vasitələrlə “bazarlaşdırılır”, yəni ticarət predmetinə çevrilir.

İnsan alverindən əldə olunan qanunsuz gəlirlərin rəqəmsal texnologiyalar vasitəsilə leqallaşdırılması bu prosesin iqtisadi dərinliyini daha da artırır. Kriptovalyutalar, offşor bank sistemləri, saxta şirkətlər və blokçeyn texnologiyası vasitəsilə pulun izinin itirilməsi, mənşəyinin gizlədilməsi və leqallaşdırılması mümkün olur. Beləliklə, insan alverindən əldə olunan gəlirlər qlobal maliyyə sisteminə daxil olur və bu gəlirlər digər iqtisadi sahələrdə dövr etməyə başlayır. Bu isə rəsmi və qeyri-rəsmi iqtisadiyyat arasındakı sərhədlərin texnologiya vasitəsilə necə bulanıqlaşdığını göstərir. İnsan alveri, bu mənada, yalnız kölgə iqtisadiyyatın problemi deyil; eyni zamanda rəqəmsal kapitalist maliyyə sisteminin də fəal iştirakçısıdır.

Kapitalizmin patriarxal mədəniyyətlə kəsişdiyi yerdə isə insan alveri xüsusilə qadınlara və uşaqlara yönəlmiş istismar formaları alır. Qadın bədəninin obyektləşdirilməsi, cinsi xidmətlər bazarının rəqəmsal müstəvidə genişlənməsi və sosial mediada həyata keçirilən gender əsaslı manipulyasiyalar, istismarın cinsiyyətlə kodlaşdırılmış təzahürlərini daha da gücləndirir. Sosial mediada qadınlara yönəlmiş yalançı “model işi”, “hostesslik”, “katibə xanım” və digər adlarla yayılan elanlar, əslində, texnologiyanın istismarın cinsiyyətçi və iqtisadi strukturunu daha da sistemləşdirdiyini ortaya qoyur.

Bütün bu mexanizmlər onu göstərir ki, insan alveri müasir rəqəmsallaşmış kapitalist iqtisadiyyatın struktur komponentinə çevrilmişdir. Onunla mübarizə yalnız hüquqi sahədə tədbirlərlə məhdudlaşa bilməz. Əgər bu cinayət iqtisadi sistemin ayrılmaz hissəsi olubsa, onunla mübarizə də iqtisadi və texnoloji transformasiyalarla aparılmalıdır. Əmək bazarlarının tənzimlənməsi, qeyri-formal sektorda çalışanların hüquqi statuslarının tanınması, texnologiyaya bərabər çıxışın təmin edilməsi, miqrantların hüquqlarının qorunması və qlobal maliyyə sistemində şəffaflığın artırılması bu istiqamətdə atılmalı olan fundamental addımlardır.

Nəticə etibarilə, insan alveri təkcə qurbanların taleyi ilə bağlı problem deyil; o, bütövlükdə qlobal iqtisadi sistemin və rəqəmsal texnologiyanın necə işlədiyini ifşa edən, onun hüquq və etik sərhədlərini sorğulayan bir göstəricidir. Bu cinayət, əslində, texnologiyanın, bazarın və hüququn hansı dəyərlər üzərində qurulduğunun sərt və amansız bir testidir. Və bu testdən keçmək üçün təkcə qanunları yox, sistemin özünü dəyişdirmək lazımdır.

Əlövsət Allahverdiyev,

hüquq üzrə fəlsəfə doktoru, dosent

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Döslət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Vumart və Güvən reklamı Vumart Güvən