Torpaq sənədlərinin qeydiyyatında gecikmələrin səbəbi nədir?

Azərbaycanda torpaq istifadəçilərinin sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir.
Redaktor.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə əldə etdikləri sənədlər arasında uyğunsuzluq çox vaxt prosesin uzanmasına səbəb olur:
“Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında" fərmana əsasən torpaq istifadəçilərinin real məkana köçürülməsi nəzərdə tutulub. Lakin praktiki olaraq, bəzən bir massivdə sənədin düzgünləşdirilməsi bir ay, hətta iki ay çəkir. Bu da ümumi icra müddətini artırır”.
N.Alimova əlavə edib ki, bu vəziyyətdə vətəndaşların prosesə daha aktiv və maraqlı yanaşması vacibdir:
“Nə qədər vətəndaşlar sənədləşdirmə işlərinin sürətləndirilməsində bizə dəstək olsalar, təkcə onların yox, həmin ərazidə yaşayan yüzlərlə insan sənədlərini daha tez əldə edə biləcək”.
O həmçinin vurğulayıb ki, müxtəlif instansiyalara daxil olan şikayətlərdə əsasən texniki problemlərdən qaynaqlanan gecikmələr üzə çıxır və bunun aradan qaldırılması üçün işlər aparılır.