Müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir - Afət Həsənova

Müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir və bu dəyişikliklər gənclərin peşə seçiminə birbaşa təsir göstərir.
Redaktor.az xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, texnologiyaların inkişafı, rəqəmsallaşma, avtomatlaşdırma, yaşlanmaqda olan əhali və pandemiya sonrası iqtisadi transformasiyalar həm yeni ixtisaslara tələbat yaradır, həm də bəzi ənənəvi sahələrdə müxtəlif peşələrə tələbatın azalması ilə nəticələnir:
“Bu dəyişikliklər fonunda gənclərin peşə seçimi trendləri də nəzərəçarpacaq dərəcədə yenilənir. Bugünkü əmək bazarıda İnformasiya Texnologiyaları (IT) sahəsində mütəxəsislərə ehtiyac davamlı şəkildə artır. Misal üçün proqramlaşdırma, kibertəhlükəsizlik, məlumat analitikası və süni intellekt üzrə mütəxəssislərə böyük ehtiyac duyulur”.
Deputat qeyd edib ki, IT-nın inkişafı son illərdə gənclərin peşə seçimi trendlərində bəzi mühüm dəyişikliklər müşahidə olunur:
“Xüsusilə qeyd etmək lazımdır ki, rəqəmsal sahəyə maraq getdikcə artır”.
Deputat əlavə edib ki, təəssüf ki, informasiya texnologiyalarının sürətli inkişafı bir çox ölkədə olduğu kimi, Azərbaycanda da əmək bazarı ilə təhsil sistemi arasında uyğunsuzluqların yaranmasına gətirib çıxarır:
“Universitetlərdə tədris olunan ixtisasların bəziləri real bazar ehtiyaclarını əks etdirmir. Bu da məzunların işsizlik səviyyəsini artırır və gəncləri əlavə bacarıqlar əldə etmək üçün qeyri-formal təhsil yollarına yönəldir.
Bu baxımdan təhsil sistemi ilə əmək bazarı arasında uyğunlaşdırılmanın aparılması önəmlidir. Bu məqsədlə universitetlər və peşə məktəbləri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq qurulmalıdır. Eyni zamanda karyera yönümlü təlimlər və məsləhət xidmətləri genişləndirilməlidir”.
A.Həsənova əlavə edib ki, bununla yanaşı texniki və peşə yönümlü sahələr də öz aktuallığını qoruyub saxlayır və bu sahədə də bacarıqlı mütəxəsislərə tələbat böyükdür:
“Elektrikçi, qaynaqçı, mexanik, avtomobil ustası və digər peşələr əmək bazarında stabil yer tutur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri peşə təhsilli mütəxəssislərə tələbatı daha da artırır.
Bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir. Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaq turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da həmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onların hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdə də bununla bağlı misallar gətirmək olar”.
Deputat vurğulayıb ki, gənclər peşə seçimini şüurlu şəkildə etməlidirlər:
“Təəssüflər olsun ki, ölkəmizdə problemlərdən biri də valideynlərin övladlarının peşə və təhsil seçiminə müdaxiləsidir. Valideyinlər övladlarını əsasən ali təhsilə kökləyirlər. Valideynlər övladlarının biliyin, potensialın, intellektual imkanların nəzərə almadan sadəcə diplom xatirinə övladlarını ali təhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təmin olunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynləri maraqlandırmır. Bu istiqamətdə də maarifləndirmə işinin aparılmasına ehtyac var”.