Bloqer əməliyyat otağına girmişdi, rəhbərlik cəzalandırıldı

 19:30 24.07.2025     150

Bir neçə gün öncə “Baylarsoylar” adı ilə tanınan bloqer Arifə Məmmədova “Medipoint” adlı klinikada süni mayalanma əməliyyatına girərək həmin anları sosial şəbəkə hesabında bölüşüb. Onun bu paylaşımı ciddi müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb və belə hallarla əlaqədar AEM tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır və nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimə tədbirləri görülür.

“Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.

Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.

Eyni zamanda yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

Əlavə olaraq bildiririk ki, əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir.

Etik davranış qaydalarının VI bölməsinə əsasən, həkimlərin tibbi xarakterli çıxışları yalnız elmi-praktik məzmun daşımalı, reklam xarakteri daşımamalıdır. Həkim öz vəzifəsindən hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği üçün istifadə etməməlidir.

Bu cür çəkilişlər, eyni zamanda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinin tələblərinə ziddir və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə uyğun olaraq:

Vəzifəli şəxslər 300–500 manat,

Hüquqi şəxslər isə 1000–2000 manat məbləğində cərimə oluna bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sosial şəbəkələr və media vasitəsilə bu kimi hallar barədə ictimaiyyəti və tibb müəssisələrini daim məlumatlandırır və xəbərdarlıq edir.

Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət və ya pozuntularla bağlı AEM-ə müraciət edə bilərlər”, - AEM-dən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən