Sosial media istifadəsi gənclərdə yuxu pozğunluqlarını artırır - ARAŞDIRMA

London Kral Kollecinin (King’s College London) psixiatriya fakültəsinin apardığı genişmiqyaslı yeni araşdırma sosial media istifadəsi ilə yuxu keyfiyyəti arasındakı əlaqəni ortaya qoyub. 10 min gəncin iştirakı ilə aparılan tədqiqatın nəticələrinə görə, sosial şəbəkələrdə gündəlik 3 saatdan artıq vaxt keçirən gənclərdə yuxu pozğunluğu və yuxuya getməkdə çətinlik halları 40%-ə qədər artır.
Redaktor.az xəbər verir ki, tədqiqat nəticələri “Journal of Sleep Research” adlı elmi jurnalda dərc olunub.
Araşdırmanın müəlliflərindən olan professor Elenor Harding bildirib ki, xüsusilə gecə saatlarında telefondan istifadə beyində melatonin hormonunun ifrazını ləngidir və bu, yuxunun keyfiyyətinə birbaşa təsir göstərir.
“Gənclər mobil telefonlarını yatağa aparmamalı və yuxudan ən azı bir saat əvvəl ekranlardan uzaq durmalıdırlar”, – deyə o qeyd edib.
Tədqiqat zamanı iştirakçılardan onların sosial media davranışları, ekran qarşısında keçirdikləri vaxt və yuxu rejimləri ilə bağlı sorğular toplanıb. Eyni zamanda, bəzi iştirakçılar yuxu izləmə cihazları vasitəsilə 4 həftəlik müşahidəyə cəlb olunub. Nəticələr göstərib ki, axşam saatlarında intensiv sosial media istifadəsi, xüsusilə də bildirişlərin psixoloji təsiri yuxunun bölünməsi və yuxuya getmə müddətinin uzanması ilə əlaqələndirilir.
Alimlər sosial medianın həm də psixoloji gərginliyi artırdığını və bunun dolayısı ilə yuxusuzluq riskini daha da yüksəltdiyini qeyd ediblər. Araşdırma müəllifləri məktəblərdə və ailələrdə bu mövzuda maarifləndirmə tədbirlərinin görülməsinin vacibliyini vurğulayırlar.
Nuriyyə NATİQQIZI