Uzunmüddətli hava çirkliliyi beyin funksiyalarını zəiflədir

 11:57 28.07.2025     128

ABŞ-də aparılan yeni araşdırmaya görə, uzun müddət hava çirkliliyinə məruz qalmaq insan beyninin yaddaş və qərarvermə qabiliyyətinə mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, "Columbia University" və "Boston University" tədqiqatçılarının birgə apardığı 10 illik araşdırma nəticəsində məlum olub ki, mikroskopik toz hissəcikləri (PM2.5) və azot dioksid kimi hava çirkləndiriciləri ilə təmasda olan insanların beyin performansı digərləri ilə müqayisədə daha zəifdir.

Tədqiqatçılar ABŞ-nin müxtəlif ştatlarından olan 50 yaşdan yuxarı 14 min nəfərin sağlamlıq göstəricilərini və yaşadıqları bölgələrdəki hava çirkliliyi səviyyəsini təhlil ediblər. Nəticədə, xüsusilə böyük şəhərlərdə yaşayan və 10 ildən artıq müddətdə çirklənmiş havada nəfəs alan şəxslərdə idrak zəifliyi və erkən yaşlılıq əlamətləri daha tez müşahidə olunub.

Tədqiqatın əsas müəlliflərindən biri, professor Rachel Moretti bildirib ki, “hava çirkliliyi yalnız ürək və tənəffüs yolları üçün deyil, beyin sağlamlığı üçün də ciddi təhlükə yaradır. Uzun müddət çirklənmiş havaya məruz qalmaq zehni yaşlanma prosesini sürətləndirə bilər”.

Tədqiqat müəllifləri hesabatın sonunda hökumətlərə çağırış edərək, hava çirkliliyinə qarşı daha sərt ekoloji siyasətlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıblar. Onların fikrincə, bu yalnız fiziki sağlamlığı deyil, həm də milli səviyyədə əhalinin zehni rifahını qorumaq üçün vacibdir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən