Ana dili hər bir xalqın milli kimliyidir

Hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır. Dil hər bir millətin maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləmini zənginləşdirir və dünyagörüşünü genişləndirir.
Ana dili, bizim müqəddəs sərvətəmizdir, kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Ana dili hər bir xalqın, millətin varlığıdır. Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir!
Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini vermişdir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.
Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi. Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir.
Ana dilimiz bizim bugünümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri