“Azərbaycan dili və əlifbası müxtəlif dövrlərdə ciddi təsirlərlə üzləşib” - Afət Həsənova

 19:34 30.07.2025     192

Hər bir xalq üçün ana dili onun milli kimliyinin göstəricisi, mənəvi varlığının əsas dayağıdır. Bu dəyər eyni zamanda həmin xalqın mədəni sərvəti sayılır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan dilinin inkişafı və qorunması məsələsinə xüsusi diqqət yetiriblər. Ulu Öndərin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Redaktor.az xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Azərbaycan dili və əlifbası müxtəlif dövrlərdə, xüsusilə tarixin çətin mərhələlərində ciddi xarici təsirlərlə üzləşib:

“Sovetlər Birliyi dönəmində Azərbaycan dili və əlifbası ciddi şəkildə sıxışdırılırdı. Xüsusən SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin funksional imkanları məhdudlaşdırılmış, onların rəsmi dairələrdə tətbiqi məhdudlaşmışdı. Belə bir şəraitdə ana dilinin təbliği və müdafiəsi cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini gündəmə gətirənlərin Sibirə sürgün olunması bunun bariz nümunəsidir. Lakin bu çətin dövrlərdə də Ulu Öndər Heydər Əliyev prinsipial mövqe nümayiş etdirərək Azərbaycan dilinin hüquqlarını qorumaqda israrlı olub”.

A.Həsənova qeyd edib ki, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlət dili statusu alıb:

“Belə ki, həmin ilin aprelin 2-də keçirilən Azərbaycan SSR Ali Sovetinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişiklik edilərək Azərbaycan dili dövlət dili kimi təsbit olunub.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndər ana dilinin möhkəmləndirilməsi və geniş tətbiqi istiqamətində mühüm addımlar atıb.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili yenidən dövlət dili kimi hüquqi əsas qazanıb. Bu müddətdən etibarən dilin inkişafını stimullaşdırmaq və onu qloballaşmanın mənfi təsirlərindən qorumaq məqsədilə Ulu Öndərin imzaladığı fərman və sərəncamlar bu sahədə sistemli dövlət siyasətinin əsasını qoydu. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev də dil siyasətində ardıcıl və uzaqgörən addımlar ataraq, onun müasir dövrün çağırışlarına cavab verməsini təmin edir:

“2013-cü il 9 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin zənginliyinin və təmizliyinin qorunmasına xidmət edən mühüm sənədlərdən biridir.

Bundan başqa, 2018-ci il 17 iyul tarixində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam, dilin müasir texnoloji platformalarda da möhkəmlənməsinə imkan yaradıb. Elə həmin il, noyabrın 1-də qəbul olunmuş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dövlət dilinin daim strateji diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir”.

Vumart və Güvən reklamı Vumart Güvən