“İmtahanlar saxtalaşdırıldı, oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia + VİDEO

“Bu il SAT imtahanlarında çox böyük haqsızlıqlar oldu. Övladım SAT imtahanlarından 1310 bal toplasa da, ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı ”.
Redaktor.az xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova deyib.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı Aytəkin Mərdanova SAT imtahan suallarının satıldığını iddia edib.
Aparıcı bildirib ki, övladını xaricdə təhsil almağa göndərməyə hər valideynin maddi imkanı çatmır:
“Çünki, xaricdə qalmaq, orada uşaq oxutmaq xeyli vəsait tələb edir. Hər valideynin də buna imkanı çatmır. Ona görə də, bu imtahanla bağlı məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır”.
Qeyd edək ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə SAT imtahanları ilə bağlı qalmaqallı paylaşımlar davam edir.
Belə ki, bir çox valideyn övladının yüksək bal toplamasına baxmayaraq universitetə qəbul ola bilmədiyini deyib. İddia edilir ki, imtahan sualları əvvəlcədən satılıb.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanda beynəlxalq SAT (Scholastic Assessment Test) imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayında kəskin artım müşahidə olunub (Qafqazinfo).