"Elektrik görünmür, amma ciddi təhlükə mənbəyidir" - Elektrik ustasından ÇAĞIRIŞ

 20:08 07.08.2025     62

"Son zamanlarda yaşayış evlərində elektrik naqillərində baş verən qısaqapanmalar, alışmalar və hətta partlayışlarla bağlı hadisələr artmaqdadır. Bu, təkcə maddi zərərlərlə nəticələnmir, eyni zamanda insan həyatı üçün də ciddi təhlükə yaradır. Bu cür hadisələrin başvermə səbəbləri çoxşaxəli olsa da, onların əksəriyyəti düzgün layihələndirilməmiş və baxımsız qalmış elektrik sistemləri ilə bağlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elektrik ustası Yusif Mahmudov  yaşayış evlərində elektrik naqillərində baş verən qısaqapanmalar haqqında danışarkən bildirdi.

"İlk növbədə nəzərə almaq lazımdır ki, köhnə tikililərdə istifadə olunan naqillərin böyük hissəsi artıq texniki baxımdan öz ömrünü başa vurub. İllər öncə qurulmuş bu sistemlər müasir dövrün elektrik yükünü daşımaq gücündə deyil. Məsələn, əvvəllər evlərdə yalnız bir neçə elektrik cihazı televizor, soyuducu istifadə olunurdusa, bu gün bir evdə eyni anda kondisioner, elektrik sobası, qabyuyan, paltaryuyan və digər güclü məişət avadanlıqları işləyir. Belə olan halda köhnə naqillər yüklənməyə dözmür, isinməyə başlayır və nəticədə alışma və partlayışlar baş verir.

Digər ciddi səbəb isə keyfiyyətsiz və ya standartlara uyğun olmayan elektrik avadanlıqlarının istifadəsidir. Bəzi hallarda naqillər düzgün kəsiyə malik olmur, ucuz və qeyri-orijinal avtomatlar qoyulur, birləşmələr izolyasiya olunmur və nəticədə əlaqə nöqtələrində qığılcımlar yaranaraq yanğına səbəb ola bilir. Peşəkar olmayan şəxslər tərəfindən edilən özbaşına dəyişikliklər də təhlükə mənbəyidir. Məsələn, elektrik qutusunda avtomatların özbaşına dəyişdirilməsi, əlavə xəttin çəkilməsi və ya cihazların düzgün yerə qoşulmaması partlayış riskini artırır".

Usta bu kimi halların qarşısını almaq üçün bir neçə tövsiyə də verdi:

1. Evinizin elektrik sistemi 10 ildən artıqdırsa quraşdırılıbsa, tam texniki yoxlamadan keçirin
2. Elektrik xəttində istifadə olunan naqillərin kəsişməsi, izolyasiyası və yüklənmə gücü mütləq qaydada standartlara uyğun olmalıdır
3. Yüksək enerji çəkən cihazların bir xəttə toplanmaması, xətlər üzrə bölüşdürülməsi vacibdir.
4. yanğından qoruyucu avtomatlar istifadəsi son dərəcə vacibdir.
5. Heç vaxt qeyri-peşəkar şəxslərə elektrik sistemi ilə bağlı dəyişiklik etməyə icazə verməyin. Mütəxəssis çağırın.
6. Uşaqlar və ev heyvanları olan ailələrdə elektrik açarları və prizlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir.
7. Hər hansı yanıq qoxusu, alışma səsi və ya elektrik cihazında normal olmayan istilik hiss edildikdə dərhal elektrik enerjisini kəsin və ustaya müraciət edin.

"Elektrik görünmür, amma ciddi təhlükə mənbəyidir. Bu səbəbdən vaxtında görülən texniki tədbirlər, həm mülkiyyəti, həm də həyatı qorumağın ən etibarlı yoludur",- deyə Yusif Mahmudov qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən